Azərbaycanın daxili dövlət borcu 2025-ci ildə nə qədər olacaq?

Azərbaycanın daxili dövlət borcu 2025-ci ildə nə qədər olacaq?

Azərbaycanın daxili dövlət borcu qarşıdakı yeddi il ərzində artaraq 2025-ci ildə 2,0 mlrd. manata çatacaq.

OilGas.az Reporta istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 24 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyada qeyd edilib.

Strategiyaya əsasən, daxili dövlət borcu 2018-ci ildə 1,1 mlrd. manat, 2019-cu ildə 1,3 mlrd. manat, 2020-ci ildə 1,6 mlrd. manat, 2021-ci ildə 1,8 mlrd. manat, 2022-ci ildə 1,9 mlrd. manata yüksələcək. Daha sonrakı iki il ərzində isə (2023,2024-cu illərdə) borcun 1,9 mlrd. manat səviyyəsində qalacağı proqnozlaşdırılır.

2018-ci ildə daxili dövlət borcunun ÜDM-ə nisbətinin 1,5%, 2025-ci ildə isə 2,1% təşkil edəcəyi proqnozlaşdırılır.

2018-ci il 1 yanvar tarixinə Azərbaycan dövlət borcunun ümumi məbləği 17 007,4 mln. manat təşkil edib. Məcmu dövlət borcunun 15 978,1 mln. manatı (9 398,3 mln. ABŞ dolları) və ya 93,9 %-i xarici, 1 029,3 mln. manatı və ya 6,1%-i daxili dövlət borcunun payına düşüb.

2018-ci il 1 yanvar tarixinə daxili dövlət borcunun 748,3 mln. manatını və ya 72,7%-ini dövlət istiqrazları, 52,7 mln. manatını və ya 5,1%-ini Mərkəzi Bank qarşısında öhdəliklər, 228,3 mln. manatını və ya 22,2%-ini isə daxili dövlət borcu sayılan şərti öhdəliklər təşkil edib. Daxili dövlət borcu üzrə öhdəliklər tamamilə sabit faiz dərəcəsi ilə cəlb edilib.

Qeyd edək ki, daxili dövlət borcu əvvəlki illərlə müqayisədə azalıb. Bunun əsas səbəbi Azərbaycan hökuməti tərəfindən verilmiş dövlət zəmanəti əsasında Azərbaycan Mərkəzi Bankından ayrılmış kredit vəsaiti üzrə bir sıra dövlət müəssisələrinin borc öhdəliklərinin Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu və Azərbaycan Mərkəzi Bankının 2015-ci ilin maliyyə nəticələrinə görə reallaşdırılmış mənfəətinin dövlət büdcəsinə köçürülməli olan sərbəst qalığı hesabına bağlanaraq, həmin kreditlər üzrə tələb hüquqlarının Maliyyə Nazirliyinin üzərinə keçməsidir.

96 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ