“Azərbaycanda vergi yükü ağırdır” – Vüqar Bayramov

“Azərbaycanda vergi yükü ağırdır” – Vüqar Bayramov

“Vergi sistemində ilk növbədə şəffaflığın artırılmasına ehtiyac var. Bununla yanaşı vergi yükünün azaldılması da indiki məqamda olduqca vacibdir”.

OilGas.az xəbər verir ki, bu sözləri Yenicag.az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib:

“Vergi islahatı Azərbaycan iqtisadiyyatı üçün çox vacib sistemlərdən biridir. Bütün dövlətlərdə hökumətlər iqtisadiyyatı məhz vergi vasitəsilə tənzimləyir. Amma vergi sistemi eyni zamanda, xüsusən son çağırışlar fonunda daha çox islahatlara ehtiyacı olan sektorlardandır. İlk növbədə vergi sistemində şəffaflığın artırılması çox vacibdir. İş adamları arasında keçirilən sorğular da göstərir ki, onlar da şəffaf vergi sisteminin olmasında maraqlıdır. Baxmayaraq ki, Vergilər Nazirliyi elektron xidməti ən çox tətbiq edən qurumdur. Buna rəğmən, elektron xidmətlər fonunda vergi müfəttişlərilə iş adamları arasında birbaşa ünsiyyətin nəinki azaldılmasına, ümumiyyətlə minimumlaşdırılmasına ehtiyac var. Şəffaflıq idarəetmədə müdaxilələrin azaldılması formasında həyata keçirilməlidir”.

Həmsöhbətimiz bildirdi ki, vergidən yayınmanın əsas səbəbi məhz sahibkarların vergi yükünün ağır olmasından qaynaqlanır: “Azərbaycanda həqiqətən də vergi yükü ağırdır. Fiziki şəxslərin gəlir vergisi yüksəkdir. Bu azaldılmalı və vahid tarif tətbiq olunmalıdır. 2500 manata qədər əmək haqqı alanlardan 14 faizlik gəlir vergisi tutulur. Bu istiqamətdə intervalın dəyişdirilməsi və real əmək haqqına uyğunlaşdırılmasına ehtiyac var. Eyni zamanda vahid dərəcələr tətbiq edilməlidir. 22 faizlik sosial vergi yükü kifayət qədər yüksək rəqəmdir. Üstəlik 3 faizlik əlavə vergi də. Nəticə etibarı ilə 14 faizlik gəlir vergisi, 25 faizlik sosial verginin olması sonda əmək müqavilələrinin bağlanmasına mənfi təsir göstərir. Nəticədə, sahibkar, hətta işçinin özü də daha çox əmək haqqı alması üçün əmək müqaviləsi olmadan işləməyə üstünlük verir. Belədə isə qeyri-leqal iqtisadiyyatın həcmi artır. Bu da insanların gələcəkdə sosial və pensiya təminatına mənfi təsir edir”.

V. Bayramov düşünür ki, əlavə dəyər vergisi diferensial şəkildə tətbiq edilməlidir: “Azərbaycanda isə ƏDV vahid və yüksək tariflə tətbiq edilir. Elmi fəaliyyətlə məşğul olan da, hansısa məhsulu xaricdən idxal edib satan sahibkar da 18 faiz ƏDV ödəyir. Halbuki fərqləndirilməlidir. Turizm sektoruna aşağı ƏDV tətbiq olunmalıdır. Yəni diferensial və azalan ƏDV tətbiq edilməlidir. Həmçinin sadələşdirilmiş verginin dövriyyəsi də artırılmalıdır. 200 min manat devalvasiyadan əvvəl müəyyənləşən məbləğdir. Bu müddət ərzində manat 2 dəfəyə yaxın dəyər itirib. Amma sadələşmiş vergi dövriyyəsi dəyişməyib. Ona görə də sadələşdirilmiş verginin dövriyyəsi manatın dollara nisbətən dəyişən məzənnəsinə uyğun olaraq 200 min manatdan 400 min manatadək artırılmalıdır. Yəni vergi sistemində indilikdə geniş miqyaslı islahatlar aparılmalıdır”.

Müstəqil iqtisadçı ekspert Yaşar Əsədov da bu qənaətdədir ki, vergi islahatları sahəsində ilk növbədə prosedurun şəffaf olmasına nail olmaq lazımdır:

“Vergi sahəsində dünya praktikası mövcuddur. Bu istiqamətdə adətən liberal və yaxud məcburetmə vergi sistemləri tətbiq olunur. Azərbaycanda isə vergi sahəsində hardasa hər iki, yəni həm liberal, həm də məcburetmə sistemlərindən istifadə olunur. Ölkəmizdə vergi sahəsində islahatlar ilk növbədə bu istiqamətdə şəffaflığın yaradılmasından keçməlidir. Ödəyicisinin vergiyə cəlbi, onun öz öhdəliklərini yerinə yetirməsi, prosesin konkret necə reallaşdırılması, bunlar hamısı şəffaflığın olmasını tələb edir. Bu işdə bütün proses şəffaf olmalıdır. Vergi müfəttişlərilə vergi ödəyicisi arasında şəxsi təmaslar olmamalıdır. Belə hallar mütləq şəkildə aradan götürülməlidir. Yoxlamalar da olmalıdır. Təəssüf ki, ölkəmizdə vergi prosesinin şəffaf olması istiqamətində hələlik tam olaraq lazımi şərait yaradılmayıb. Ardınca vergi sistemi elə qurulmalıdır ki, insan təşəbbüskarlığa, öz qabiliyyətini açmağa stimullaşdırılsın, şirnikləndirilsin”.

Qeyd edək ki, vergilər naziri Mikayıl Cabbarov Aİ-Azərbaycan biznes forumunda çıxışı zamanı bildirib ki, nazirlik özəl sektorda və qeyri-neft sektorunda ümumi vergi yükünün azaldılması üçün müəyyən addımlar atmağı planlaşdırır. O həmçinin vurğulayıb ki, Azərbaycanda vergi inzibatçılığı və qanunvericilikdə islahatlar həyata keçiriləcək.

369 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ