Azərbaycanda prezident seçkiləri günüdür

Azərbaycanda prezident seçkiləri günüdür

Bu gün Azərbaycanda prezident seçkiləri günüdür.

OilGas.az xəbər verir ki, prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlar prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovdur (Cəlaloğlu).

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərəcək. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının (MSK) saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 890 beynəlxalq (60 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyəcək.

MSK səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə gün ərzində 5 dəfə (saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00) ilkin məlumatları açıqlayacaq.

Prezident seçkilərində səsvermə saat 08:00-da başlayıb 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var və onlardan 50.78 faizini qadınlar, 49.22 faizini isə kişilər təşkil edir.

97 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ