Azərbaycanda neft və qaz hasilatı artdı – Rəsmi

Azərbaycanda neft və qaz hasilatı artdı – Rəsmi

SOCAR 2018-ci ilin I rübü üzrə qazma, hasilat və ixrac göstəricilərini açıqlayıb.

SOCAR-dan OilGas.az-a verilən məlumata görə, 2018-ci ilin yanvar-mart aylarında ölkə üzrə neft hasilatı 2,4%, qaz hasilatı isə 5,2% artıb.

Məlumatda qeyd olunub ki, SOCAR üzrə hasilatda müsbət dinamikanın əldə olunması qazma işlərinin artırılması ilə yanaşı, mövcud quyuların effektli istismar edilməsi və fəaliyyətsiz quyuların bərpası ilə bağlıdır:
“2018-ci ilin yanvar-mart aylarında SOCAR neft və qaz hasilatının sabit saxlanılması üzrə kompleks tədbirlərin icrasını davam etdirib. SOCAR üzrə aparılan qazma işlərinin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 14% (planda nəzərdə tutulan hədəf göstərici ilə müqayisədə 13%) artıb. Nəticədə SOCAR tərəfindən qazılan 15 quyu üzrə qazmanın həcmi təqribən 40,5 min metr təşkil edib. Bundan əlavə SOCAR-ın birgə müəssisələri tərəfindən 13 quyu qazılıb. İstismar edilən quyularda geoloji – texniki tədbirlər aparılıb, 66 fəaliyyətsiz quyu istismara qaytarılıb. Bu tədbirlərin nəticəsində, 2018-ci ilin I rübü üzrə SOCAR-ın neft hasilatı sabit qalaraq, 1,8 milyon ton təşkil edib. SOCAR-ın qaz hasilatı isə I rüb üzrə təqribən 1,6 milyard m3 təşkil edib və əvvəlki ilin müvafiq göstəricisinə nisbətən 8% artıb”.

Yanvar-mart aylarında ölkə üzrə neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4% artaraq, 9,7 milyon ton, qaz hasilatı isə ötən ilin analoji dövrünə nisbətən 5,2% artaraq, 7,3 milyard m3 təşkil edib. “Hasilat artan xətt üzrə inkişaf edib, artımının böyük hissəsi mart ayına təsadüf edib. Belə ki, mart ayında respublikada neft hasilatı üzrə 5,8%, qaz hasilatı üzrə isə 12% artım qeydə alınıb”,-deyə məlumatda qeyd olunub.

SOCAR-ın Yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov bildirib ki, uğurlarımızın davamlı olması üçün SOCAR strateji əhəmiyyətli yataqlarda kompleks tədbirlər planını həyata keçirir: “Aparılan tədbirlər sırasında qazma proqramının intensivləşməsi, idarəetmə sisteminin təkmilləşməsi, o cümlədən qərarvermə və risklərin idarəedilməsinin daha da optimallaşması kimi məsələlər mühüm yer tutur. Azərbaycan neftçilərinin tarixi təcrübəsi və yüksək peşəkarlığı bu proseslərin uğurlu həyata keçirilməsi üçün münbit zəmin yaradır“.

Bu ilin I rübündə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda 5 hasilat quyusu qazılaraq, təhvil verilib. Ümumilikdə 2018-ci ildə AÇG-də 12 hasilat və 4 suvurucu quyunun təhvili planlaşdırılır. “Şahdəniz-1” layihəsi üzrə qazma işləri davam edir və bu il ərzində 2 hasilat quyusunun tamamlanması nəzərdə tutulur. “Şahdəniz-2” layihəsi üzrə bir quyuda qazma işləri artıq tamamlanıb və il ərzində cəmi 5 hasilat quyusunun tamamlanması planaşdırılır.

SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov qeyd edib ki, Azərbaycanın artan qaz tələbatını qarşılamaq məqsədi ilə SOCAR yeni neft və qaz yataqlarının işlənməsi istiqamətində mühüm addımlar atır: “Qarabağ və Ümid yataqları üzrə aparılan işlərin artıq növbəti mərhələsinin astanasındayıq. Yaxın zamanda bu yataqların işlənməsi İlkin Detallı Layihələndirmə (İDL) mərhələsinə daxil olacaq. Həmçinin Babək strukturunda ilk kəşfiyyat quyusunun qazılması üçün layihələndirmə işləri davam etdirilmişdir. Abşeron yatağının İlkin Hasilat Sxemi üzrə mühəndislik layihələndirmə işləri davam edir və layihə üzrə Yekun İnvestisiya Qərarına hazırlıq işləri aparılır.”

Qazma və hasilatda olduğu kimi, cari ilin I rübündə xam neftin ixracında da artım müşahidə olunub. Həmin dövr ərzində SOCAR tərəfindən xam neftin ixracı ötən ilin müvafiq göstəricilərinə nisbətən 13%-dən çox artıb, 5,7 milyon ton təşkil edib.

Məlumatda o da göstərilib ki, neft ixracının artımı, müxtəlif amillərlə yanaşı, SOCAR-ın AÇG-dəki payının artırılması ilə də bağlıdır.

14 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ