“Azərbaycanda neft sənayesi uğurla inkişaf edir” – İlham Əliyev

“Azərbaycanda neft sənayesi uğurla inkişaf edir” – İlham Əliyev

“Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Biz yeni yarımdalma qazma qurğusunun istifadəyə verilməsini qeyd edirik”

OilGas.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Qaradağ rayonunda, SOCAR-ın “Caspian Drilling” Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində bildirib.Dövlət başçısı bu əlamətdar hadisə ilə bağlı Azərbaycan xalqını təbrik edib:

“Bu hadisə münasibətilə sizi, bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, Azərbaycan neft sənayesində çox tarixi bir hadisədir. Çünki bu günə qədər Azərbaycanda bu böyüklükdə qazma qurğusu tikilməmişdir. Bu qazma qurğusunun inşaatında iştirak etmiş bütün işçiləri, əməkdaşları təbrik edirəm, onlara minnətdarlığımı bildirirəm. Şadam ki, belə bir nəhəng qurğu Azərbaycanda inşa edilib. Bu qurğunun inşasında iştirak edənlərin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Burada biz xarici tərəfdaşlarla növbəti əməkdaşlıq layihəsinin uğurla icra edilməsini görürük. Əlbəttə, bu, reallıqdır. Çünki uzun illərdir Azərbaycan xarici tərəfdaşlarla uğurla əməkdaşlıq edir. Xarici şirkətlər Azərbaycana investisiyalar yatırırlar. Bu qurğuya isə investisiyalar Azərbaycan dövləti tərəfindən qoyulub.

Biz neftdən əldə edilmiş gəlirləri, o cümlədən belə nəhəng layihələrə yönəldirik. Bu layihənin icrası üçün həm Dövlət Neft Fondundan, həm Dövlət Neft Şirkətindən qoyulan vəsait təqribən 1 milyard dollara yaxındır. Yəni, bu, həm bizim gücümüzü, həm də imkanlarımızı göstərir. Həm də onu göstərir ki, Azərbaycanda neft sənayesi uğurla inkişaf edir. Xarici şirkətlər tərəfindən Azərbaycana sərmayə qoyulanda bizim əsas şərtlərimizdən biri o idi ki, Azərbaycanda bu sərmayələr, eyni zamanda, neft sənayesinin inkişafına xidmət göstərsin. Azərbaycanda iş yerləri yaradılsın, bizim işçilər yaxşı maaş alsınlar, onların peşəkarlığı artsın, onlar üçün təlim kursları keçirilsin və bu gün biz bunu görürük. Bu gün Azərbaycan vətəndaşları bütün əsas neft layihələrində uğurla işləyirlər və həm özlərinə, həm də ölkəyə böyük fayda verirlər”.

OilGas.az

1131 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ