Azərbaycanda benzin bahalaşacaq? – Açıqlama

Azərbaycanda benzin bahalaşacaq? – Açıqlama

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında etdiyi dəyişikliyə əsasən, 95-dən az oktan ədədi ilə benzinlərin aksiz vergisi 200 dəfə artırılıb.

Bəs görəsən, sözügedən qərar ölkənin yanacaq bazarında hansı dəyişikliklərə yol açacaq? Nazirlər Kabinetinin yanvarın 23-də qüvvəyə minəcək qərarı ilə benzin qiymətlərində bahalaşma müşahidə oluna bilərmi?

Bu suallara cavab tapmaq üçün OilGas.az iqtisadçı alim Vüqar Bayramova müraciət edib. Ekspert yeni qərarın Aİ-92 markalı benzinə tətbiq ediləcəyini, bunun isə qiymət artımına yol açmayacağını bildirib:

“95-dən az oktan ədədi ilə benzin növlərindən danışdıqda, söhbət Aİ-92 markalı benzindən gedir. Bu gün yanacaqdoldurma məntəqələrində satılan və xaricdən idxal olunan benzinlər Aİ-95 və Aİ-98 markalı benzin növləridir. 95-dən az oktan ədədi ilə benzin növlərinə aid olan aksiz vergisi bu markalı benzinlərə tətbiq olunmur.

Sözügedən qərarın tətbiq edildiyi Aİ-92 markalı benzinə tələb isə daxili istehsal bahasına ödənilir. Bu markalı benzinin ölkəyə idxalı istisna hallarda həyata keçirilir. Xüsusən də benzin istehsalıyla bağlı zavodda hər hansı təmir işləri olursa və bu yerli istehsalın azalmasına gətirib çıxarırsa, o halda Aİ-92 markalı benzinin xaricdən gətirilməsi həyata keçirilir.

Bu baxımdan yeni qaydalar benzin qiymətinin artmasına səbəb olmamalıdır. Çünki xərcdə artım yoxdur. Aİ-92 markalı benzinin, eləcə də dizel yanacağının qiyməti Tarif Şurası tərəfindən tənzimləndiyi üçün və yerli istehsal olduğu üçün idxala tətbiq edilən vergilər də həmin yanacaq növlərinin xərcinə təsir göstərmir. Odur ki, qərar hal-hazırda Azərbaycanda satılan benzinlərin qiymətinə təsir göstərməməlidir”.

V.Bayramov onu da vurğulayıb ki, əgər qiymətlərdə artım olarsa, bu, iqtisadi məntiqdən kənar baş verəcək:

“Əgər hansısa bir benzinin qiymətində, xüsusilə də “Premium” markalı benzinin qiymətində artım baş verəcəksə, bu, süni şəkildə sahibkarların qiymət artımı olacaq”.

Aİ-92 markalı benzinə tətbiq edilən aksiz vergisinin əvvəl də yüksək olduğunu  qeyd edən iqtisadçı alim bunun yalnız daxili istehsalı qorumaq üçün atılan addım olduğunu bildirib: “Aksiz vergisi əvvəllər də yüksək idi. Bir müddət öncə, Aİ-92 markalı benzini istehsal edən zavodda təmir işi aparıldığına görə, aksiz vergisinin 200 manatdan 1 manata endirilməsi baş verdi.  İndisə bu qərarla aksiz vergisi əvvəlki səviyyəsinə qayıdır.

Əgər ölkədə yerli istehsal varsa, onu qorumaq üçün benzin idxalına yüksək aksiz vergisi tətbiq edilə bilər. Bu normal haldır. Əksər hallarda əgər yerli istehsal yoxdursa, beynəlxalq təcrübədə yüksək aksiz vergiləri tətbiq edilmir”.

Aydan Axundova

OilGas.az

531 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ