Azərbaycan yenə də hasilatı azaldanlar tərəfində olacaq – Ekspert şərhi

Azərbaycan yenə də hasilatı azaldanlar tərəfində olacaq – Ekspert şərhi

Mayın 24-25-də Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrinin gündəlik neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasının müddətinin uzadılması məsələsi müzakirə olunacaq.

Görəsən Azərbaycan yenidən sazişə qoşulacaqmı? Ümumiyyətlə, sazişin Azərbaycan üçün hansı müsbət nəticələri olub?

Neft-qaz məsələləri üzrə mütəxəssis İlham Şaban OilGas.az-a açıqlamasında əminliklə bildirib ki, Bakı neft hasilatının gündəlik həcminin azaldılması ilə bağlı sazişə yenə də qoşulacaq:

“Artıq Azərbaycan tərəfi energetika naziri Natiq Əliyevin timsalında bəyanat verib ki, ölkəmiz bundan sonra da neft hasilatının gündəlik həcminin indiki səviyyədə saxlanılması, yaxud da azaldılması ilə bağlı təkliflərə qoşulacaq. Çünki, Azərbaycan neftin qiymətinin ədalətli dəhlizdə saxlanılmasının tərəfdarı kimi çıxış edir və bundan sonra da bu istiqamətdə səylərini əsirgəməyəcək. Bu çağırış ona dəlalət edir ki, Azərbaycan neft hasilatçısı və ixracatçısı kimi barikadanın hansı tərəfində olmalıdır. Yəni Azərbaycan özünü məhz dünya neft bazarında hasilatın azaldılması tərəfdarı qismində görür və gələcəyə yönəlik addımlarını da bu istiqamətdə atır”.

Ekspert onu da qeyd edib ki, hasilatın azaldılmasının Azərbaycana müsbət təsirləri olub:

“Gündəlik hasilatın azaldılması ilə bağlı Vyana qərarının işə düşməsinin 4 ayı tamam olub. 4 ay ərzində, Azərbaycanda neft hasilatının ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon ton azalmasına baxmayaraq, ölkədə ən böyük neft yatağı olan “Azəri-Çıraq-Günəşli”dən gələn gəlir 467 milyon dollar artıb. Bu da neftin qiymətinin ötən ilin anoloji dövrü ilə müqayisədə 45 faizə qədər artmasının nəticəsidir. Yəni gündəlik hasilatın azaldılması ilə neftin qiymət artımı Azərbaycanın neft gəlirlərinin çoxalmasına səbəb olub”.

Samir

OilGas.az

380 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ