Azərbaycan OPEC-ə növbəti dəfə hesabat verdi

Azərbaycan OPEC-ə növbəti dəfə hesabat verdi

Energetika Nazirliyi Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələr arasında neft hasilatının azaldılması ilə bağlı əldə olunmuş razılaşmaya uyğun olaraq Azərbaycan üzrə cari ilin aprel ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Energetika Nazirliyindən OilGas.az-a verilən məlumata görə, həmin məlumatlara əsasən, cari ilin aprel ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 785,7 min barel olub. Bunun 755,7 min barelini xam neft, 30 min barelini kondensat təşkil edib. Gündəlik 623,6 min barel xam neft, 30 min barel kondensat, 21,7 min barel isə neft məhsulları ixrac edilib. Gündəlik neft hasilatının 834 min barel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi növbəti dəfə də yerinə yetirib.

Qeyd edək ki, gündəlik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barel, fevral ayında 806 min barel, mart ayında isə 794 min barel olub. 2017-ci il ərzində Azərbaycanda orta gündəlik neft hasilatı 781,9 min barel təşkil edib.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən ilin 30 noyabrında isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.

407 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ