Azərbaycan nefti olmasaydı… – Faşizm üzərində qələbədə neftçilərimizin payı

Azərbaycan nefti olmasaydı… – Faşizm üzərində qələbədə neftçilərimizin payı

Bu gün Azərbaycanda da 9 May – faşizm üzərində Qələbə Günü qeyd olunur.

OilGas.az xəbər verir ki, tarixi qələbədən 73 il keçir.

İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox – 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Azərbaycan alimləri də faşizm üzərində qələbəmizin təmin edilməsi üçün gecəni-gündüzə qataraq çalışıblar.

Bu fəaliyyətin nəticəsidir ki, SSRİ-nin hərbi hava qüvvələrinə benzin hazırlamaq üçün çalışan Akademik Yusif Məmmədəliyevin başçılıq etdiyi alimlər qrupunun səyi nəticəsində yeni texnologiya yaradılıb. Bu texnalogiyanın səmərəli nəticələri sayəsində sovet hərbi aviasiyası ən yuksək keyfiyyətli yanacaqla təmin olunub.

O illərdə Azərbaycanın bütün iqtisadiyyatı müharibənin tələblərinə uyğun qurulmuşdu. Fəhlə və qulluqçular üçün iş günü 11-12 saata qədər uzadılmışdı, məzuniyyətlər ləğv edilmişdi. Ərzaq və çoxişlənən sənaye məhsullarının satışı üzrə kartoçka sistemi tətbiq olunurdu. Cəbhələrdə döyüşən əsgərlərin yerini istehsalatda qadınlar və yeniyetmələr, hətta qocalar tutmuşdular. Müharibənin ilk ilində təkcə neft sənayesində işləməyə 11 min qadın gəlmişdi.

Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsal etməyə başlamışdı. O zaman SSRİ-nin əsas duru yanacaq – neft bazası olan Bakının rolu xeyli artmışdı. Motorlu hərbi texnika, demək olar ki, Bakının verdiyi yanacaqla işləyirdi. Ümumiyyətlə, bu şəhər döyüşən ordunun cəbbəxanalarından birinə çevrilmişdi. Bakıda “Katyuşa” raketi, “Şpakin” pulemyotu istehsal edilirdi. “Yak-3” qırıcı təyyarələri yığılırdı. Burada 130-dan çox silah və onların hissələri hazırlanırdı.

Marşal Andrey Qreçko yazmışdı: “Azərbaycandan cəbhəyə tükənməz axınla yüksək keyfiyyətli benzin, silah, döyüş sursatı və ərzaqla dolu yük qatarları gəlirdi”.

O dövrdə SSRİ-nin yüksək oktanlı benzinə böyük ehtiyacı vardı. Bu cür benzin hava döyüşlərində üstünlük əldə etmək üçün vacib amil idi. Belə ki, belə benzin təyyarənin sürətini artırır, göyə qalxma müddətini azaldırdı. Azərbaycanın məşhur kimyaçı alimi Yusif Məmmədəliyevin tədqiqatları sayəsində qısa müddətdə belə yüksək oktanlı benzin alındı. Təsadüfi deyil ki, azərbaycanlı alim SSRİ Dövlət mükafatı aldı və onun adı döyüş maşınları və mühərrikləri icad edən İlyuşinlə, Yakovlevlə, Lavoçkinlə, Mikulinlə yanaşı çəkildi.

Marşal Konstantin Rokossovski demişdi: “Hər bir təyyarəmizin, tank ekipajının düşmənə zərbəsində Bakı neftçilərinin payı vardır”.

Neft mədənləri əsl cəbhəyə çevrilmişdi. Azərbaycan neftçiləri gecə-gündüz işləyirdilər. “Pravda” qəzeti 28 iyul 1941-ci il tarixli nömrəsindəki “Azərbaycan bu gün” adlı məqaləsində Staxanov hərəkatının önündə gedən, iki növbə işləyən neftçilərin, kənd yerində çalışan kolxozçuların, iməciliklər keçirərək cəbhədəki əsgərlərə yardım göstərən insanların fədakarlığından bəhs edirdi.

Azərbaycan neftçiləri təkcə əmək meydanında hünər göstərməklə kifayətlənmirdilər. Onların qəlbi bütün ölkə ilə birlikdə döyünürdü. Məsələn, Leninqrad (indi Sankt-Peterburq) blokadasında qalan insanlara yazırdılar ki, Azərbaycan neftçiləri daim sizinlədir.

Azərbaycan xalqının müharibə illərindəki fədakarlığından danışarkən ümummilli lider Heydər Əliyev demişdir: “Bugünkü və gələcək tarix Böyük Vətən müharibəsində Azərbaycan Respublikasının xidmətlərini, rolunu unutmamalıdır. Bir daha təkrar edirəm, bizim mətin insanlarımız, neft sənayesində çalışan və tarixi xidmətlər göstərərək cəbhəni yanacaqla təmin edən neftçilər hər cür şərəfə layiqdirlər”.

O illərdə Azərbaycan neftçiləri çətin şəraitdə işləyirdilər. Bununla belə, neft hasilatını əvvəlki illərə nisbətən qat-qat artırmağa nail olmuşdular. Müharibənin təkcə birinci ilində Bakı ölkəyə 23,5 milyon ton neft və 2,6 milyon kubmetr təbii qaz vermişdi. Bakı mədənlərində o vaxtadək belə göstəricilərə nail olunmamışdı.

Müharibə şəraiti ortaya yeni-yeni çətinliklər atırdı. 1942-ci ildə Qafqaz ərazisində döyüşlər getdiyindən Bakıda neft quyularının fəaliyyəti müvəqqəti olaraq dayandırıldı. Abşeron yarımadasında yeni yataqlar işə salınmadı. Bundan əlavə, istehsal olunmuş xammalı və neft məhsullarını Şimali Qafqaz və Volqa çayı ilə daşımaq mümkün deyildi. Çünki nəql infrastrukturu hərbi əməliyyatların getdiyi ərazilərdən keçirdi. Lakin tezliklə bu çətinlikdən də çıxış yolu tapıldı. Neft məhsullarını “yer anbarları”na və göllərə (Zığ, Masazır və s.) doldurmağa başladılar. Sonra onları Xəzər dənizi ilə nəql edirdilər.

Müharibənin həlledici mərhələsi olan 1942-ci ildə Xəzər dənizi ilə cəbhəyə 505 min ton, Həştərxan vasitəsilə 336 min ton neft məhsulları daşınmışdır.

Bakı nefti olmadan 1941-1945-ci illər müharibəsində SSRİ faşizmə qalib gələ birlərdimi? Cavab bütün dünyaya aydındır. Bu sualı dünyanın görkəmli şəxsiyyətləri öz güclü məntiqlərinin süzgəcindən keçirərək, demək olar ki, eyni cür cavablandırıblar.

Məsələn, uzun illər SSRİ neft və qaz sənayesinə başçılıq etmiş Nikolay Baybakov təsdiq edib ki, SSRİ-nin neft balansında Azərbaycanın iştirakı olmasaydı, Sovetlər İttifaqının faşizm üzərində qələbəsi sual altında qala bilərdi.

Ulu öndər 2003-cü il fevralın 25-də “Şərq-Qərb enerji dəhlizi reallıqdır” mövzusunda Vaşinqtonda keçirilən beynəlxalq konfransdakı nitqində demişdi: “Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci Dünya müharibəsində SSRİ-nin İngiltərə və Amerika koalisiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı”.

Digər bir çıxışında isə ulu öndər demişdir: “Əgər Bakının nefti olmasaydı, Sovet İttifaqının qələbəsi mümkün deyildi”.

1038 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ