Azərbaycan neft hasilatını azaldıb, qaz hasilatını isə artırıb

Azərbaycan neft hasilatını azaldıb, qaz hasilatını isə artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda xam neft hasilatı azalıb, qaz hasilatı isə artıb.

Oilgas.az-ın Dövlət Statistika Komitəsinin göstəriciləri əsasında apardığı hesablamalarına görə, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda xam neftin (qaz kondensatı daxil olmaqla) hasilatı 28,22 mln. ton təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 2,7% azdır.

Qeyd edək ki, Azərbaycanda hasil edilən neftin böyük hissəsi “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqları blokunun payına düşür. Bu ilin aprelində AÇG blokunda yerləşən “Mərkəzi Azəri” platformasında planlaşdırılmış təmir işləri səbəbindən hasilat dayandırılmışdır və bu da ölkədə neft hasilatının azalmasına öz təsirini göstərib.

Bundan başqa, 2019-cu ilin yanvar-sentyabr aylarında ölkədə 26 mlrd. kubmetrə yaxın qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,8% çoxdur. Ölkədə hasil edilən “mavi” yanacağın 17,9 mlrd. kubmetri əmtəəlik qazın payına düşüb (artım 29,3%).

Azərbaycanda qaz hasilatının kəskin artması “Şahdəniz” yatağının ikinci mərhələsinin reallaşdırılması ilə əlaqədardır.

40 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ