Azərbaycan kapital bazarları müzakirə olundu – Fotolar (YENİLƏNİB)

Bu gün Bakı Fond Birjası (BFB) və “SOCAR Capital” şirkətinin təşkilatçılığı ilə Bakıda “Azərbaycan kapital bazarları. İmkanlar və perspektivlər” mövzusunda konfrans keçirilib.

OilGas.az xəbər verir ki, Azərbaycanın fond bazarının təmsilçiləri, dövlət qurumları, iri holdinq, bank, investisiya və sığorta şirkətləri nümayəndələri və müstəqil ekspertlərin iştirak etdiyi tədbirdə kapital bazarlarında mövcud vəziyyət, bu sahədəki çağırışlar, aparılan islahatlar və yaradılan imkanlar geniş müzakirə olunub.

Tədbirdə bildirilib ki, maliyyə sektorunun və kapital bazarlarının inkişafı ölkə iqtisadiyyatının prioritet sahələrdən biri kimi müəyyən edilib. Hazırda aparılan islahatların istiqamətlərindən biri də məhz bu sektorun inkişafına yönəlib. Konfransda bildirilib ki, Azərbaycan Kapital bazarında İnvestorlar və Emitentlər üçün yüksək texnoloji həllər və müasir hüquqi çərçivələr yaradılıb. Ticarət və ticarət sonrası infrastruktur möhkəmələndirilib, investiya şirkəti, market meyker institutları formalaşdırılıb. Bu da öz növbəsində bazar iştirakçıları üçün çevik maliyyələşmə və investisiya imkanları yaradıb. Tədbirdə, bazarda optimal rəqabət mühitinin yaradılması, ilkin kütləvi təklifin təşkili və keçirilməsi, ədalətli və şəffaf qiymətlərin formalaşması, listinq və yeni alətlərin yaradılması istiqamətində Bakı Fond Birjasının (BFB) ticarət təşkilatçısı olaraq rolundan danışılıb. Eyni zamanda, BFB-də yaradılmış çevik maliyyələşmə imkanlarından bəhs edilib.

Konfransda qeyd olunub ki, Azərbaycanın kapital bazarında son dövrlər baş verən ən mühum yeniliklərdən biri SOCAR tərəfindən daxili bazar üçün nəzərdə tutulan SOCAR İstiqrazlarının buraxılması olub. Yüksək gəlirliyi və likvidliyi ilə seçilən SOCAR İstiqrazları hazırda ölkədə ən populyar qiyimətli kağıza çevrilib. Oktyabrın 17-də SOCAR İstiqrazlarının təkrar bazarda dövriyyəyə buraxılmasının bir ili tamam olur və həmin tarixdə istiqrazlar üzrə növbəti faiz ödənişi həyata keçirilib.

Açılış nitqi ilə çıxış edən Bakı Fond Birjasının İdarə Heyətinin sədri Vüqar Namazov qonaqları salamladıqdan sonra, kapital bazarlarının maliyyə sistemində tutduğu vacib və əhəmiyyətli rolundan bəhs edib. Ölkə iqdisadiyyatında maliyyə axınlarının kapital bazarları vasitəsi ilə diversifikasiyası və bu sahədə olan qabaqcıl təcrübə haqqında məlumat verib. Bu istiqamətdə “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair
Strateji Yol Xəritəsi”nin əhəmiyyətini vurğulayıb. V.Namazov BFB-də mövcud maliyyələşmə və likvidlik alətləri, BFB-nin təşkil etdiyi Listinq Məsləhət Proqramı vasitəsi ilə şirkətlərə listinq, maliyyələşmə və ilin kütləvi təklif istiqamətində göstərilən dəstək, həmçinin Azərbaycanın mərkəzi kapital bazarı platforması olan CETA-nın yaratdığı imkanlardan bəhz edib.

Tədbirdə SOCAR-ın kapital bazarları üzrə baş məsləhətçisi Ali Ağaoğlu istiqrazların imkanları, üstünlükləri və yaratdığı imkanlar barədə geniş təqdimatla çıxış edib.
Bildirilib ki, SOCAR İstiqrazlarının dövriyyəyə buraxılması investorlar üçün yeni imkanlar açmaqla yanaşı, Azərbaycanın kapital bazarının infrastrukturunun təkmilləşməsində, operativ və şəffaf ticarət prosesinin formalaşmasında böyük rol oynayıb.

Tədbirdə Kapital bazarında investisiya perspektivləri müzakirə mövzusu olub. «Paşa Holdinq»in İH sədrinin 1-ci müavini Cəlal Qasımov bu mövzuda təqdimatla çıxış edib.

Konfransda Strateji Yol Xəritələrində kapital bazarının inkişafı üçün nəzərdə tutulan islahatlar və onların icra vəziyyəti geniş müzakirə edilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Çaparlı bununla bağlı geniş təqdimatla çıxış edib.

Konfransda hazırda ölkənin kapital bazarlarında mövcud olan investisiya alətləri və investorlar üçün yaradılan imkanlar da müzakirə edilib. Bakı Fond Birjasının İdarə Heyətinin sədri Vuqar Namazov “Azərbaycan Kapital bazarları: Yeni alətlər və imkanlar astanasında” mövzusunda təqdimatla çıxış edib.

Tədbirdə qlobal maliyyə bazarları və onların yerli bazarlarla inteqrasiyası, kapital bazarlarına çıxış üçün müasir texnoloji həllər diqqət mərkəzində olub. Bu sahədəki yeniliklər Invest AZ şirkətinin rəhbəri Elşən Quliyevin “Maliyyə Bazarlarında yüksək texnologiyaların rolu və Qlobal Kapital bazarınlarında effektiv maliyyələşməyə inteqrasiya” mövzusunda təqdimatında açıqlanıb.

Konfransda bildirilib ki, kapital bazarlarına investisiya və investorların fəallığı ölkədəki biznes mühitlə sıx bağlıdır. “PricewaterhouseCoopers”in idarəedici partnyoru Mövlan Paşayev “Hazırkı biznes mühiti. Şirkətlər niyə kapital bazarlarında olmalıdır? ” mövzusunda təqdimatla çıxış edib.

“Azərbaycan kapital bazarları. İmkanlar və perspektivlər” konfransı kapital bazarın təmsilçiləri və əlaqədar qurumlar üçün məlumat mənbəyi olmaqla yanaşı, həm də faydalı müzakirə meydanına çevrilib.

Konfrans panel müzakirələri və sual-cavablarla davam edib.

OilGas.az

416 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ