Azərbaycan iqtisadiyyatında inqilabi dönüş yaradan LİDER

Azərbaycan iqtisadiyyatında inqilabi dönüş yaradan LİDER

1991-ci ildə Azərbaycan xalqının dövlət müstəqilliyini bərpa etməsi onun tarixi haqqı idi. Əslər boyu dünyanın hegemon dövlətlərinin ölkəmizdə söz sahibi olan hakimiyyətləri olub.

Azərbaycan ərazilərinin kiçik imperiyalar arasında bölünməsi onu 2 əsr müstəqillikdən məhrum edib. 1991-ci ildə SSRİ-nin dağılması ilə Azəraycan xalqı yenidən müstəqilliyini bərpa etdi. Bununla da Azərbaycanın qarşısında geniş imkanlar açıldı: beynəlxalq təşkilatların üzvü oldu, daxili və xarici siyasətini müəyyən etmək hüququ qazandı.

Azərbaycan xalqının Qurtuluşu…

Təəssüf ki, müstəqilliyin ilk illərində hakimiyyətə gələn siyasi qruplar Azərbaycanın tale yüklü məsələrini həll edə bilmədilər. Dövlətçiliyin inkişafı ilə bağlı real və nəticə verən siyasi xəttə malik olmadılar. 1993-cü il iyulun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsilə müstəqilliyimiz bərqərar oldu, Azərbaycan bir-birinin ardınca özünün bir çox problemlərini həll edə bildi.

Millət vəkili Aydın Mirzəzadə Azərbaycanın ən ağrılı problemi Dağlıq Qarabağ münaqişəsində tarixi hadisənin baş verdiyini vurğulayıb:
“Atəşkəsin əldə edilməsi, bir-birinin ardınca beynəlxalq təşkilatların və xarici dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü tanıması və Ermənistanın Azərbaycan torpaqlarını işğalını tanıması bu qəbildən olan məsələlər idi. Yaranmış vəziyyətdə Konstitusiyanın qəbulu, seçkilərin keçirilməsi, islahatların aparılması, ölüm hökmünün ləğv edilməsi, mətbuat üzərindən senzuranın götürülməsi, sahibkarlığın inkişafına dəstək verilməsi Azərbaycanın böyük böhrandan çıxmasına, artıq oturuşmuş bir iqtisadi sistem qurulmasına və ən əsası ölkəmizin beynəlxalq aləmdə nüfuz sahibi olmasına imkan verdi.”

“Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təşəbbüskarıdır, onun banisidir” – İlham Əliyev

Dövlət başçısının bu fikri heç də əbəs yerə deyilməyib. Ümumilli Lider hələ 1990-cı ildə müstəqillik yolunda çox önəmli və ciddi addımlar atıb. O, 20 Yanvar faciəsindən sonra sovet rəhbərliyini pisləyən, Qanlı Yanvar faciəsini törədənlərə qarşı öz iradlarını irəli sürən, onları ittiham edən, sovet hökumətini, onun rəhbərinin fəaliyyətini pisləyən ilk şəxs olub. Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə aparılmış siyasi islahatlar demokratiyanın inkişafına, insan haqqlarının qorunmasına hesablanıb.

İqtisadi inkişafda Ümumi Lider dəstixətti

Müstəqil Azərbaycanın iqtisadi inkişafında əvəzedilməz rol oynayan Ümumilli Liderin uğurlu siyasətinin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil edib.

Aparılan uğurlu, ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitlik təmin olunub, iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırılıb və bununla da Azərbaycanın iqtisadi inkişafına mahiyyətcə yeni mərhələnin təməli qoyulub.

Sənayenin inkişafına önəm verən mərhum prezidentin uğurlu siyasəti nəticəsində həm sənaye, həm də qeyri neft sektoru inkişaf edib.

Ümumilli Lider kənd təsərrüfatının inkişafına da xüsusi diqqət yetirib. Bunun nəticəsində respublikada 40-dan çox normativ-hüquqi akt qəbul edilib, kənd təsərrüfatı məhsullarının satışında qiymətlər tam sabitləşib, idxal-ixrac əməliyyatlarında bütün maneələr aradan qaldırılıb.

1994-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın aparıcı ölkələrinin (ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistan) neft şirkətləri (Amoko, BP, MakDermott, Yunokal, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) arasında Xəzər dənizinin Azərbaycan bölməsindəki “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında fəaliyyət müddəti 30 il olan müqavilənin imzalanması ilə başlanıb.

“Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan Xəzər dənizi və onun enerji ehtiyatlarını bütün dünyanın üzünə açdı və bu hadisənin ölkənin gələcəyi üçün nə dərəcədə əhəmiyyətli olduğunu tarixçilər yazacaqlar” – Heydər Əliyev

Azəri, Çıraq və Günəşli yataqlarının istismarını nəzərdə tutan əsrin müqaviləsinin imzalanması ölkəyə külli miqdarda xarici investisiyanın axınına səbəb olub.

Sabiq maliyyə naziri Fikrət Yusifov Ümummilli Liderin ötən əsrin sonlarında ölkə iqtisadiyyatını tənəzzüldən xilas etdiyini vurğulayır:
“Heydər Əliyev 1993–cü ilin sonları və 1994-cü ilin əvvəllərindən etibarən dünyada gedən siyasi və iqtisadi proseslərə peşəkar baxışları ilə Azərbaycanda zamanla səsləşən yeni iqtisadi strategiyanın əsasını qoydu. Ölkə daxilindəki siyasi çəkişmələrin məharətlə nizamlanması, iqtisadiyyatın hiperinfilyasiya səviyyəsinin ram edilməsi və onun sonrakı inkişafını təmin edə biləcək qətiyyətli qərarların qəbulu Heydər Əliyev dühasının uğurları idi.

Neftin qiymətlərinin dünya bazarlarında 15-16 dollar olduğu bir dönəmdə, Azərbaycanın dünya iqtisadi bazarına çıxışını təmin edən Əsrin Müqaviləsinin imzalanması isə inqilabi bir dönüşün başlanğıcı idi. Bu müqavilə Azərbaycan iqtisadiyyatının sonrakı illər ərzindəki bənzərsiz uğurlarının təməl daşı hesab olunmalıdır. Ulu Öndərin rəhbərliyi altında aparılan iqtisadi islahatlar və struktur islahatları qısa zaman kəsiyində ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən, sahibkarlığın formalaşmasına güclü təkan verdi.”

Heydər Əliyev Bakı-Supsa kəmərinin işə salınmasına, eyni zamanda “Əsrin müqaviləsi” çərçivəsində hasil olunacaq əsas neftin nəqli üçün “Bakı-Tbilisi-Ceyhan” neft kəmərinin inşa edilməsi üzrə danışıqların intensivləşdirilməsinə nail olub. 2003-cü ildə kəmərin tikintisinə başlanılıb. Bu yolda bir sıra maneələrə baxmayaraq Heydər Əliyevin seçdiyi yol uğurlu olub və Azərbaycan neftinin dünya bazarına çıxarılması reallığa çevrilib.

Heydər Əliyev Azərbaycan qazının dünya bazarlarına çıxarılması üçün nəzərdə tutulan və regionun kifayət qədər əhəmiyyətli layihəsi hesab olunan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin də təməlini qoyub.

Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda Böyük İpək yolunun bərpa və inkşaf olunmasına dair beynəlxalq forum keçirilib. Həmin forumda dünyanın 42 ölkəsinin nümayəndəsi iştirak edib. Onlardan səkkizi prezidentlər səviyyəsində təmsil olunub.

1998-ci ilin sentyabrında keçirilən həmin forumda Heydər Əliyev 42 ölkə nümayəndəsi qarşısında bəyan edib:
“Bakıda keçirilmiş zirvə görüşü əməkdaşlığın inkişafında, sülhün qorunmasında, hər bir ölkə və ümumiyyətlə bütün Avrasiya məkanına firavanlıq və rifahın gətirilməsində öz tarixi rolunu oynayacaq.”

Tarixi İpək Yolunun bərpa etdirilməsinin əsas məqsədi isə bölgədə yerləşən ölkələrin ticarət-iqtisadi əlaqələrini, nəqliyyat əlaqələrini inkişaf etdirmək, tranzit daşınmalar üçün əlverişli şərait yaratmaq, yük daşınmalarının müddətini azaltmaq, daşınma tarifləri və vergilərə xüsusi güzəştlər tətbiq etmək, yük və sərnişin daşımaları üzrə beynəlxalq və daxili tariflər sahəsində uyğunlaşdırılmış siyasət aparmaq, birləşmiş daşımaların təşkil olunması üzrə uyğunlaşdırılmış fəaliyyət proqramının işlənib hazırlanmasıdır.

Azərbaycanın coğrafi vəziyyəti və xüsusilə respublikada bütün nəqliyyat parkının yeniləndiyini və əsas yolların (hava, dəmiryol, dəniz və avtomobil) müasir standartlara uyğunlaşdırıldığını nəzərə alsaq, ölkəmizin Böyük İpək Yolundakı rolunun aparıcı olduğunu aydın görmək olar.

Ümumilli Liderin uzaqgörən siyasətinin bariz nümunələrindən biri də 1999-cu il dekabrın 29-da “Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında” Fərmanıdır. Neft gəlirlərinin şəffaf xərclənməsi və gələcək nəsillərə saxlanılması məqsədi ilə yaradılan Fonddan ilk vəsait qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə istiqamətlənib.

Uzaqgörən Ulu Öndər və Multikulturalist dəyərlər

Heydər Əliyev uzaqgörən lider, müdrik siyasətçi, xalqının rifahını canından üstün tutan Ulu Öndər kimi xalqın ürəyində taxt qurub. Multikulturalist dəyərlərə önəm verən, xalqın birliyi, vahidliyi üçün var gücüylə çalışan mərhum prezident bu istiqamətdə tarixi nailiyyətlərə imza atıb.

Millət vəkili, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü Mixail Zabelin Ümumilli Lideri belə xatırlayır:
“Heydər Əliyev barədə keçmiş zamanda danışmaq çox çətindir. Belə ki, o bütün Azərbaycan xalqının, hər birimizin həyatında dərin iz buraxıb. Heydər Əliyev yüksək səviyyəli multikulturalist olub. O hər şeydən əvvəl uzaqgörən siyasətçi idi. Düşünürəm ki, onun etdiyi ən önəmli məsələ xalqımızı birləşdirmək olub. Xalqın birliyi üçün atdığı ən önəmli addımlardan biri isə dövlət əhəmiyyətli bayram günlərini qanunvericiliyə salmaq olub. O bilirdi ki, bizim xalqımız çoxmillətlidi. Buna görə də, xalqın əksəriyyətinin maraqlarını, istəklərini nəzərə alaraq 9 may Qələbə Günü, 8 mart Beynəlxalq Qadınlar günü, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi bayramları yenidən gündəmə gətirdi.”

M.Zabelin siyasi uğursuzluğa düçar olan bir sıra ölkələri də misal kimi göstərib:
“Ukrayna, Latviya, Litva, Estoniya kimi ölkələr bu siyasəti apara bilmədilər. Baxın, indi bu ölkələrdə nələr baş verir. Cəmiyyətin müxtəlif təbəqələri arasında toqquşmalar mövcuddur. Bu ölkələrdə hakimiyyətin fəaliyyəti qəbul olunmur. Heydər Əliyev isə bu əməllərilə,ilk növbədə, xalqımızın, cəmiyyətimizin birliyini qorudu.”

“Axı o Heydər Əliyevdir”

Millət vəkili Heydər Əliyevin bir neçə dəfə Azərbaycanı parçalanmaqdan xilas etdiyini də vurğulayır. 1993-cü il iyunun 4-də Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun rəhbərliyi ilə hökumətə qarşı qiyam qaldırılıb. Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşmalar nəticəsində ölkə vətəndaş müharibəsi astanasına gəlib. Bu ağır dövr, bu tarixi sınaq belə Ulu Öndər tərəfindən uğurla nəticələnib. Ümumilli Lider bir daha xalqın maraqlarını canından üstün tutduğunu sübut edib.

Mixail Zabelin həmin vaxt heç nədən çəkinmədən, öz həyatını belə təhlükəyə ataraq Gəncəyə gedən Heydər Əliyevin təkcə öz xalqı üçün deyil, bütün dünya dövlətləri üçün nümunəvi lider anlayışını formalaşdırdığını misal çəkib:
“Bir dəfə mən Ukraynanın yüksək rütbəli diplomatlarından biri ilə görüşdüm. Bu nümunəni çəkərək dedim ki, nə üçün Poroşenko Donbasa getmir, danışıqlara oturub, vətəndaş müharibəsini dayandırmır? Bu suala cavab olaraq diplomat mənə belə dedi:
“Axı, o Heydər Əliyevdir.”
Təkcə bu ifadə onu sübut edir ki, Heydər Əliyev hər şeydən əvvəl xalqını düşünürdü. Onu öz təhlükəsizliyi yox, xalqının taleyi narahat edirdi.”

Vacib seçim və davam edən uğurlu siyasət

2003-cü ildə Azərabycan xalqı vacib seçim qarşısında idi. Ümumilli Liderin uğurlu siyasət kursuna şahidlik edən xalq yenidən düzgün seçim etməyi bacardı – Azərbaycan xalqı Heydər Əliyev siyasətinin layiqli davamçısına səs verdi.

Millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirən İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan daha da qüdrətlənib: “Bu gün Azərbaycan daxili və xarici siyasətini müstəqil müəyyənləşdirən az saylı ölkələrdən biridir. Bu gün Azərbaycan güclü iqtisadiyyatı olan, uğurlu xarici investisiyaları cəlb edən bir ölkədir. Bu ölkəmizin iqtisadi inkişafında, insanların sosial vəziyyətində, demokratik dəyərlərin möhkəmlənməsində özünü göstərir.”

Millət vəkili Mixail Zabelin İlham Əliyevin multikulturalizmi Respublikanın siyasəti adlandırmaqla çox düzgün addım atdığını qeyd edib:
“Bu qərar xalqın sabitliyini qoruyur, xalqımızı vahid edir. Bu yaxınlarda onillərdir ki, Azərbaycandan köçən və ABŞ-da yaşayan insanlar mənə zəng vurmuşdular. Onlar dedilər ki, sizin prezidentiniz necə də igid, qoçaq insandır. Azərbaycan kiçik dövlət olmasına baxmayaraq öz mentalitetini, cəmiyyət arasındakı nüfuzunu qoruyub saxlaya bilib. Dedilər ki, biz kənardan müşahidə edirik və görürük ki, ölkədə necə uğurlu siyasət aparılır. Prezident İlham Əliyevin həm daxili, həm də xarici siyasəti uğurludur. Bu kiçik ölkə- Azərbaycan öz cəlbediciliyini qoruyur. Ona görə ki, ölkənin bütün siyasəti – həm daxili, həm də xarici siyasəti müstəqildir. ”

Aydan AXUNDOVA

352 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ