Azərbaycan “EXPO 2017-Gələcəyin enerjisi” sərgisində təmsil olunacaq

Azərbaycan “EXPO 2017-Gələcəyin enerjisi” sərgisində təmsil olunacaq

“EXPO 2017-Gələcəyin enerjisi” beynəlxalq sərgisinin 10 iyunda Qazaxıstanın Astana şəhərində təntənəli açılış mərasimi keçiriləcək.

Energetika Nazirliyindən OilGas.az-a verilən məlumata görə, Azərbaycanı tədbirdə energetika nazirinin müavini Natiq Abbasov və nazirliyin aparat rəhbəri, Milli pavilyonun direktoru İftixar Hüseynovun daxil olduğu geniş nümayəndə heyəti təmsil edəcək. “EXPO 2017” Beynəlxalq sərgisində milli pavilyonun hazırlanması istiqamətində təşkilati işlər Heydər Əliyev Fondunun Energetika Nazirliyinə xüsusi dəstəyi ilə yüksək səviyyədə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin müvafiq göstərişi ilə energetika naziri Natiq Əliyev “EXPO 2017-Gələcəyin enerjisi” beynəlxalq sərgisinin Azərbaycan tərəfindən milli komissarı təyin edilib. Ölkəmizin bu sərgidə iştirakının təmin olunması məqsədilə 4 dekabr 2015-ci il tarixində Bakıda Qazaxıstanın xarici işlər nazirinin birinci müavini, Astana “EXPO-2017” beynəlxalq sərgisinin komissarı Rapil Joşıbayev ilə milli komissar N.Əliyev arasında iştirak müqaviləsi imzalanıb. Müqavilənin imzalandığı tarixdən etibarən N.Əliyevin rəhbərliyi ilə SOCAR, “Azərenerji” ASC, “Azərişıq” ASC, ABOEM üzrə Dövlət Agentliyi, AMEA, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Qazaxıstandakı səfirliyi və Qazaxıstanın ölkəmizdəki səfirliyi ilə koordinasiyalı şəkildə fəaliyyət təmin olunub. 403,3 kvadratmetrlik əraziyə malik və “Odlar Yurdu – keçmişdən gələcəyə daşınan enerji” devizinə əsaslanan “Milli Pavilyon”da ölkəmizin tarixi-mədəni irsini, zəngin enerji potensialını və gələcəyin enerji mənzərəsinin sərgi iştirakçılarına çatdırılması ilə bağlı layihə Heydər Əliyev Fondunun təklif və rəyləri nəzərə alınaraq hazırlanıb. Energetika Nazirliyi layihəni təsdiq etdikdən sonra milli pavilyonun bədii tərtibatı və daxili quraşdırma işləri Heydər Əliyev Fondunun seçimi ilə bu işdə böyük təcrübəyə malik İşveçrənin “Adunic AG” şirkətinə həvalə edilib.

Sərgidəki milli pavilyonda Azərbaycanın tarixi-mədəni özəllikləri, müasir həyatı və enerji potensialı xüsusi texnologiyaların köməyi ilə çatdırılacaq. Müasir metodlar izləyicilərin həm məlumatlandırılmasına, həm də əylənməsinə şərait yaradacaq. Üç hissədən ibarət pavilyonun birinci hissəsində Azərbaycanın zəngin tarixi ənənələri, məşhur od məbədi, Qobustan qayaüstü təsvirləri, köhnə və yeni Bakının memarlıq inciləri və s. təqdim ediləcək. İkinci hissədə Azərbaycanın ənənəvi enerjidən alternativ enerjiyə qədər keçdiyi inkişaf prosesi, neft, neft məhsulları, qaz, elektrik enerjisi, külək, günəş enerjisi, palçıq vulkanları ilə bağlı təqdimatlar olacaq. Üçüncü hissədə izləyicilər üçün Azərbaycanda maraqlı virtual gəzinti nəzərdə tutulub. Burada məqsəd Azərbaycanın turizm imkanlarının təbliği və ölkəmizə turistlərin cəlbinə nail olmaqdır. Ümumilikdə enerjidən istifadə sahəsində nailiyyətlər və perspektivlər, o cümlədən ekoloji təmizlik, enerji resurslarından istifadə zamanı ətraf mühitin mümkün qədər qorunması, enerji və yeni texnologiyaların qarşılıqlı əlaqəsinin pavilyonda ən müasir tələblərə uyğun tərtibat həllinə nail olunub. Bütün bu işlər və sərgiyə hazırlıq prosesi Energetika Nazirliyi və beynəlxalq sərgilərin təşkili üzrə böyük təcrübəyə malik Heydər Əliyev Fondunun birgə mütəmadi nəzarəti altında həyata keçirilib.

İyulun 9-da isə “Milli gün” təşkil olunacaq. Bu mərasim çərçivəsində nəzərdə tutulan müxtəlif mədəni tədbirlərin proqramı da hazırdır.

“EXPO-2017” beynəlxalq sərgisinin, əsasən, dünyanın iqtisadi baxımdan nəhəng ölkələrindən (ABŞ, Fransa, Almaniya, Yaponiya, Braziliya, Kanada, İngiltərə, İspaniya və Çin) sonra Qazaxıstanda təşkili enerji sahəsi üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinə, həmçinin iştirakçı ölkələrdə tətbiq olunan yeni texnologiyaların mübadiləsinə təminat verəcək. Sərgi enerji təhlükəsizliyinin təminatında qarşılıqlı maraq və ümumi prinsiplərə dair fikir mübadiləsinin aparılması ilə beynəlxalq səviyyəli enerji dialoquna siyasi dəstək verməklə yanaşı, enerji siyasətinin məqsədyönlü həyata keçirilməsində iştirakçı ölkələr tərəfindən irəli sürülən islahatlar və digər aktual məsələlər ətrafında geniş müzakirələrdə ölkəmizin iştirakına şərait yaradacaq.

“EXPO 2017-Gələcəyin enerjisi” beynəlxalq sərgisinin açılış mərasimi çərçivəsində Qazaxıstan hökuməti və beynəlxalq təşkilatların birgə iştirakı ilə enerji sahəsində bir sıra tədbirlər nəzərdə tutulub. Azərbaycanın bu tədbirlərdə təmsil olunması məqsədilə dəvət məktubları ünvanlanıb. Belə ki, Qazaxıstanın energetika naziri Kanat Bozumbayev 11-14 iyun tarixində keçiriləcək “Dayanıqlı İnkişaf üçün Enerji” VIII beynəlxalq forumu çərçivəsində enerji nazirlərinin konfransına, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənovla Qazaxıstanın energetika naziri Kanat Bozumbayev 12 iyunda təşkil olunacaq Türk Şurasının Enerji Nazirlərinin birinci konfransına, Enerji Xartiyası Katibliyi isə 12-13 iyunda nəzərdə tutulmuş birinci “EU4 Davamlı Enerji Siyasəti Forumu”na dəvət məktubları göndərib. Energetika nazirinin müavini N.Abbasov “Dayanıqlı İnkişaf üçün Enerji” VIII beynəlxalq forumu çərçivəsində enerji nazirlərinin konfransına qatılaraq, “Enerji təhlükəsizliyi, regional ticarət və infrastruktur paneli”ndə çıxış edəcək. Nazir müavininin “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının” Enerji Nazirlərinin birinci konfransı, eləcə də “EU4 Davamlı Enerji Siyasəti Forumu”nda da iştirakı və çıxışı nəzərdə tutulub.

OilGas.az

439 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ