“Avropa bazarı bizim üçün ən əlverişli bazardır”

“Avropa bazarı bizim üçün ən əlverişli bazardır”

“Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir”

OilGas.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin açılış mərasimində çıxışında deyib.

“Əminəm ki, bundan böyük həcmdə resurslarımız var və gələcək kəşfiyyat və işlənmə işləri bunu təsdiqləyəcək. Bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Mən ilk növbədə regional əməkdaşlığı qeyd etmək istərdim. Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihələrini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaratmışlar. Ona görə bu layihələrin icra edilməsində bu üç ölkənin birgə səyləri xüsusi yer tutur”, -deyə dövlət başçısı qeyd edib.

İlham Əliyev Azərbaycanın həyata keçirdiyi enerji layihələrində yaxından iştirak edən, dəstəyini əsirgəməyən ölkələrə təşəkkürünü ifadə edib: “Mən bu gün fürsətdən istifadə edərək həm Türkiyə, həm də Gürcüstan rəhbərliyinə əməkdaşlığa görə təşəkkürümü bildirmək istəyirəm. Mən bu gün Amerika Birləşmiş Ştatlarının hökumətinə də təşəkkürümü bildirmək istəyirəm, çünki Amerika Birləşmiş Ştatları bütün layihələrimizdə bizə böyük dəstək olub, bizə köməklik göstərib, həm siyasi dəstək, həm mənəvi dəstək verib. Əlbəttə ki, bu layihələr böyük resurslar tələb edir və maliyyə resurslarının böyük hissəsi banklar tərəfindən verilir. ABŞ hökumətinin bu işdə də çox böyük səyləri olub, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və “Cənub-Qaz Dəhlizi”nin reallaşmasında bu dəstəyi biz həmişə hiss etmişik, hiss edirik və bu dəstək bu layihənin icra edilməsində çox böyük rol oynamışdır. Böyük Britaniya hökuməti də həmişə bizim yanımızda olub. Bildiyiniz kimi, BP şirkəti energetika sahəsində bizim əsas investorumuzdur. Böyük Britaniya hökuməti bu layihələrin reallaşmasında həmişə bizə dəstək göstərmişdir, bu gün də biz bu dəstəyi hiss edirik. Keçən ay Londonda Baş nazir xanım Mey və mənim iştirakımla BP ilə SOCAR arasında növbəti müqavilə imzalanmışdır. Bu bizim strateji əlaqələrimizi bir daha əks etdirir.

Avropa İttifaqı bu layihənin icrasında çox önəmli rol oynamışdır. Hələ 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub Qaz Dəhlizi” haqqında birgə bəyannamə imzalanmışdır: “Bu illər ərzində biz daim Avropa İttifaqının dəstəyini hiss etmişik. Azərbaycanın və Avropa İttifaqının təşəbbüsü ilə son 4 il ərzində Bakıda hər il “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının iclasları keçirilir. 2015-ci ildən bu günə qədər Avropa İttifaqı bu toplantılarda ən yüksək səviyyədə təmsil olunur. Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq formatında energetika sektoru təbii ki, çox böyük yer tutur. Bu layihələrin həyata keçirilməsi maliyyə institutlarının maliyyəsi olmadan mümkün olmazdı. Mən bugünkü mərasimdə bizə dəstək olan, beynəlxalq səviyyədə tanınmış banklara da öz təşəkkürümü bildirmək istəyirəm. Onlar da bizə inanaraq öz maliyyə resurslarını ayırıblar və onlar da əmindirlər, biz də əminik ki, Azərbaycan etibarlı tərəfdaşdır, bütün borcları vaxlı-vaxtında qaytarır və qaytaracaqdır. Bir sözlə, geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə əminəm ki, gələcəkdə nəinki energetika sahəsində, bütün başqa sahələrdə, Avropada və bizim bölgədə əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək.

“Cənub Qaz Dəhlizi”nin icrasında 7 ölkə iştirak edir. Mən bu gün o ölkələrin adlarını çəkmək istərdim: Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Geniş beynəlxalq əməkdaşlıq yaradılıb. Eyni zamanda, əminəm ki, üç Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi növbəti mərhələdə bu layihəyə qoşulacaqlar. Cənub Qaz Dəhlizinin qolları olmalıdır. Biz ixrac imkanlarımızı genişləndirmək istəyirik və bilirik ki, Avropada da Azərbaycan qazına tələbat var. Biz də istəyirik ki, Avropaya daha çox qaz sataq. Çünki Avropa bazarı bizim üçün ən əlverişli bazardır”.

210 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ