Albaniyada TAP-ın 198 km-i qaynaq edilib

Albaniyada TAP-ın 198 km-i qaynaq edilib

Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans Adriatik Boru Kəmərinin (TAP) Albaniya ərazisindəki hissəsinin 198 km-i qaynaq edilib.

OilGas.az “Report”a istinadən xəbər verir ki, bunu bu ölkənin infrastruktur və energetika naziri Damian Gjiknuri bildirib.

Onun sözlərinə görə, boru kəmərinin 181 km-i torpağın altındadır.

TAP-ın Albaniyada marşrutu üzrə 134 km hissədə torpaq öz əvvəlki vəziyyətinə qaytarılıb.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

TAP layihəsinin ümumi dəyəri 4,5 mlrd. avro qiymətləndirilir.

“Şahdəniz” konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

18 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ