“Abşeron” yatağında ilk hasilat quyusu qazılır

“Abşeron” yatağında ilk hasilat quyusu qazılır

Heydər Əliyev adına yarımdalma qazma qurğusu hazırda Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” qaz-kondensat yatağında qiymətləndirmə və hasilat quyusunu qazır.

OilGas.az  AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov deyib.

O bildirib ki, Heydər Əliyev adına yarımdalma qazma qurğusu SOCAR və Fransanın “Total” neft-qaz şirkətinin pay sahibi olduğu “Abşeron” yatağında kəşfiyyat quyusunun bağlanması işlərinə bu ilin yanvarında başlayıb. Həmin proses 73 gün çəkib.

“May ayının əvvəlindən isə VI nəsil qazma qurğusu “Abşeron” yatağında qiymətləndirmə və hasilat quyusunu qazmağa başlayıb. Hazırda qurğu 665 metr dərinlikdə qazma işi görür. Bu, “Abşeron” yatağından ilk qazın hasil edilməsinə gətirib çıxaracaq”, – deyə SOCAR-ın rəsmisi bildirib.

Xatırladaq ki, ötən il mayın 18-də Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimi keçirilib.

Qazma qurğunun tikintisi 2013-cü il iyununda SOCAR-a məxsus “Caspian Drilling Company” və Sinqapurun “Keppel FELS” şirkətləri arasında podrat müqaviləsi çərçivəsində aparılıb. Layihənin maliyyələşməsinin 90 faizi Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və 10 faizi isə SOCAR tərəfindən icra edilib. Qurğunun inşaat işlərinin idarə edilməsi, dizayn-mühəndislik işlərinə nəzarət, müvafiq təchizatlar və alqı-satqıların təşkil edilməsi isə “Caspian Drilling Company” şirkəti tərəfindən həyata keçirilib.

Ümumi uzunluğu 106,5, eni 69,5, hündürlüyü isə 130 metr olan qurğunun ümumi çəkisi 26 min tondur. Dənizdə suyun 1000 metr dərinliyə qədər hissələrində qazma əməliyyatları həyata keçirə bilən qurğu ilə qazılacaq quyunun maksimal dərinliyi 12,2 min metrdir. Qurğunun müasir avadanlığı qazma işinin indikindən 4 dəfə daha sürətlə aparılmasını təmin edir.

Heydər Əliyev adına yarımdalma qazma qurğusu dünyada 1400 atmosfer sistemi texnologiyasına sahib olan ilk və yeganə qurğudur. Onun yükgötürmə qabiliyyəti 5 min 600, su tutumu isə 47 min 500 tondur. Qurğuda 160 nəfər işçi heyəti çalışa bilər. Qazma qurğusunun tikintisində 2 min 400-ə yaxın insan çalışıb ki, onların da təxminən 80 faizi Azərbaycan vətəndaşları olub. Qazma qurğusu bu il “Caspian Drilling Company” şirkətinin Dəniz Təchizatı və Logistika Bazasından “Abşeron” yatağında qazma işləri aparmaq üçün dənizə yola salınıb.

Qeyd edək ki, “Total” 2011-ci ilin sentyabrında ilk kəşfiyyat quyusunda aparılan qazma işlərinin nəticələrinə əsasən “Abşeron” yatağında böyük həcmdə hidrokarbon ehtiyatlarının – 326 milyard kubmetr qaz və 108 milyon ton kondensat olduğunu təsdiqləyib. Yataqda hasilat 2020-ci ilə planlaşdırılır. İlkin mərhələdə illik təxminən 1,5 milyard kubmetr, 2022-2023-cü illərdə 5 milyard kubmetr qaz hasilatının nəzərdə tutulur. Yataqdan gündəlik 150 milyon kubmetrə yaxın, ildə isə təqribən 1,5 milyard kubmetr qaz yerli bazara çıxarıla biləcək.

“Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu ildə imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50 faiz) və “Total” (50 faiz) şirkətləridir.

1385 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ