“Abşeron” və “Qarabağ” yataqları yeni formatda işləniləcək

“Abşeron” və “Qarabağ” yataqları yeni formatda işləniləcək

“Azneft” İstehsalat Birliyində “Layihələrin ilkin qiymətləndirilməsi və idarə olunması” mövzusunda iclas keçirilib.

OilGas.az xəbər verir ki, iclasda Birliyin rəhbərliyi, şöbə rəisləri və idarələrin müvafiq mütəxəssisləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov bildirib ki, həyata keçirilən layihələrin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm işlər görülür və bu məqsədlə layihələrin təhlili ilə məşğul olan beynəlxalq Independent Projects Analysis (Layihələrin Müstəqil Təhlili) şirkəti ilə əməkdaşlıq uğurla davam etdirilir.

D.İskəndərov layihələrin dünyanın qabaqcıl şirkətləri tərəfindən qəbul olunmuş formada hazırlanmasının, hər bir layihənin mərhələli şəkildə həyata keçirilməsinin vacibliyini qeyd edib, layihələrin planlaşdırılması zamanı qəbul olunmuş beynəlxalq standartlar formasında hazırlanmasının mühüm amil olduğunu ifadə edib.

Baş direktor “Abşeron” və “Qarabağ” yataqlarının işlənməsinin yeni formatda, beynəlxalq dəyərləndirmələr tətbiq edilməklə həyata keçiriləcəyini bəyan edib.

Sonra Strateji inkişaf və korporativ idarəetmə şöbəsinin rəisi Seymur İlyasov layihələrin hazırlanmasında beynəlxalq standartların tətbiqi barədə ətraflı məlumat verib, beynəlxalq şirkətlərin təcrübəsindən bəhs edib. O, beynəlxalq standartların yerli idarəetməyə tətbiqi və yerli standartlara inteqrasiya yollarından danışıb. Bir layihənin başlanğıcından sonuna qədər detallı məlumatları özündə əks etdirən təqdimat iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Sonda, Baş direktor Daşqın İskəndərov yekun nitqi ilə çıxış edib, bundan sonra layihələrin təqdim olunan formada həyata keçiriləcəyini bəyan edib. O, layihələrin idarə olunmasında tətbiq olunacaq yeniliklər barədə təqdimatın “Azneft” İstehsalat Birliyinin tabeliyində olan müəssisələrdə də icra olunmasına dair göstəriş verib.

OilGas.az

64 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ