ABŞ Rusiyanın neft sektorunu çökdürür: “Sanksiyalar daha da sərtləşdiriləcək” – Ekspert

ABŞ Rusiyanın neft sektorunu çökdürür: “Sanksiyalar daha da sərtləşdiriləcək” – Ekspert

Ötən gün ABŞ Senatı Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi üzrə qanun layihəsini təsdiqləyib.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, böyük səs çoxluğu ilə qəbul olunan sənədə əsasən, dərinsulu ərazilərdə neft kəşfiyyatı və hasilatı üçün texnologiyaların Rusiyaya ixracı, eyni zamanda arktik şelf, dərinsulu layihələrdə Rusiya ilə birgə iştirak etmək ABŞ şirkətlərinə qadağan olunacaq.

Qanun layihəsi Konqresin Nümayəndələr Palatasının müzakirəsinə təqdim ediləcək. Təsdiq olunduğu halda layihə prezidentin imzalaması üçün Ağ Evə göndəriləcək.

Sözügedən qanun layihəsini OilGas.az-a şərh edən politoloq Natiq Miri bildirdi ki, Rusiyaya yönəlik olaraq, maliyyə mənbələri, eyni zamanda texnoloji sahələr sanksiyalara məruz qalacaq:

“Rusiya büdcəsinin 60 faizindən çoxunu məhz enerji daşıyıcıları təmin edir. Neft və qaz istehsalını artırmaq üçün mütləq mənada yeni texnologiyaya ehtiyac var. Həmin texnologiya isə Qərb dövlətlərində istehsal olunur. Texnologiyalar Rusiyaya verilmədiyi təqdirdə, bu, çox yaxın zamanda ciddi mənada hasilatın azalmasına gətirib çıxaracaq. Bu isə Rusiya iqtisadiyyatının nəinki zərər görməsi, hətta kiçilməsinə səbəb olacaq.

İqtisadiyyatın üzləşdiyi bu zərər gələcəkdə sosial etirazlara zəmin yarada bilər. Bundan əlavə, maliyyə mənbələrinə də çox ciddi sanksiyalar tətbiq oluanacaq. Bu da Rusiya iqtisadiyyatının müxtəlif sahələrinə dövlət investisiyalarının azaldılması ilə nəticələnəcək. Sözügedən sanksiyalar Rusiya üçün çox ciddi xəbərdarlıq xarakter daşıyır. Bu sanksiyaların əsas səbəblərindən biri Rusiyanın ABŞ və digər Avropa ölkələrində seçki prosesinə müdaxiləsidir.

Rusiya əgər bunu nəzərə almazsa, gələcəkdə daha ciddi sanksiyalarla üzləşəcək. Hətta Rusiyanın bütövlükdə beynəlxalq maliyyə şəbəkəsindən çıxarılması məsələsi gündəmə gələ bilər. Bu da Rusiyanın qlobal maliyyə sistemindən təcrid olunması deməkdir”.

Politoloq qeyd edib ki, bu gün Qərb, əsasən də NATO ilə Rusiya arasında çox ciddi bir qarşıdırma mövcuddur. Hazırda hər iki tərəf öz hərbi potensialını artırmaqla məşğuldur:

“Hərbi potensialı artırmaq üçün isə Rusiyaya çox güclü maliyyə qaynaqları lazım olacaq. Bu cür sanksiyalar kontekstində Rusiya çox böyük problemlərlə üzləşəcək. Biz bunu SSRİ-nin imperiya dönəmində müşahidə etmişik. SSRİ ilə Qərb arasında silahlanma rəqabəti getdiyi üçün çox tezliklə SSRİ imperiyası çöxdü. Bu, Rusiyanın taleyində də yaşana bilər.

Çünki bu gün Rusiya NATO-dan, Qərb dünyasından geri qalmamaq üçün hərbi sahəyə ayrılan maliyyəni artırmağa məcburdur. Ona görə də, bu sanksiyalar Rusiyanı getdikcə çox çətin vəziyyətə salacaq”.

Ekspertin fikrincə, bu sanskiyalar çərçivəsində ABŞ şirkətləri də itirəcək, lakin zərəri kompensasiya edə biləcəklər:

“Rusiya neft və qaz istehsalı avadanlıqlarının satılması üçün çox ciddi bir bazardır. Təbii ki, bu konteksdə Qərb istehsalçılarına, eyni zamanda ABŞ istehsalçılarına böyük pullar qazandırır. Lakin əgər bu, bütövlükdə Qərbin strateji maraqlarına uyğundursa, ABŞ və Avropa şirkətləri bu cür məhdudiyyət şəraitində yaşamaq məcburiyyətindədirlər.

Bundan əlavə, ABŞ avadanlıqları Rusiyaya satmırsa, bu zərəri ödəmək üçün digər bazarları tapmaq məcburiyyətində qalacaq. Bu imkan isə ABŞ və Qərb ölkələri üçün mövcuddur. Çünki enerji istehsalçısı olan dövlətlərin məhz bu cür texnoloji avadanlıqlara böyük ehtiyacı var. Ona görə də Rusiyanın əvəzini digər dövlətlərlə kompensasiya edə bilərlər”.

Aydan Axundova
OilGas.az

 

174 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ