“ABŞ-ın yeni sanksiyalarından sonra İran parçalana bilər” – Türkiyəli ekspert

“ABŞ-ın yeni sanksiyalarından sonra İran parçalana bilər” – Türkiyəli ekspert

“Yeni sanksiyalar həm də regionda hərbi-siyasi gərginliyi və total müharibə riskini xeyli artırır”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində noyabrın 4-dən etibarən qüvvəyə minəcək ABŞ-ın İrana qarşı yeni sanksiyalarının İslam Respublikasının iqtisadiyyatına mümkün təsirini dəyərləndirən Türkiyə Enerji Strategiyası və Siyasəti Mərkəzinin direktoru Oğuzhan Akyener deyib.

Məlumata görə, ABŞ-ın İrana qarşı yeni sanksiyaları iqtisadiyyatın bütün sahələrini, o cümlədən, neft ixracını əhatə edəcək. Bundan başqa, ABŞ bu sanksiyalara qoşulmayan dövlətlərə qarşı da “iqtisadi müharibə”yə başlayacağını bildirib.

Maraqlıdır ki, bu bəyanatdan sonra İran neftinin əsas alıcısı olan Çin İslam Respublikasından neft idxalının həcmini minimuma qədər azaldacağını bəyan edib. Eyni zamanda, ərəb dövlətləri dünya neft bazarında defisit yaranmaması üçün hasilatı artıracaqlarını bəyan ediblər.

Göründüyü kimi, ABŞ-ın İrana qarşı sanksiyalarının miqyası və neqativ təsiri güclənməkdədir. Belə bir vəziyyətdə iqtisadiyyatı ciddi zərbələr alacaq İran hansı aqibətlə üzləşə bilər?

Bu barədə Yenicag.ru-ya danışan Oguzhan Akyenerin fikrincə, ABŞ-ın yeni sanksiyalarının İrana təsiri aşağıdakı kimi olacaq:
• İran qeyri-leqal kanallarla neft ixrac etməkdə ciddi problemlərlə üzləşəcək;
• Yeni neft-kəşfiyyat işlərinin aparılması və hazır mədənlərin istismar olunmasında maliyyə çətinlikləri ilə qarşılaşacaq;
• Öz şirkətlərini Çinin nəzarətinə vermək məcburiyyətində qalacaq;
• Avropalı investorlar İran üçün itiriləcək;
• Ölkədə istehsalı artırmaq üçün köhnə müəssisələri işə salmaq və yenilərini açmalı olacaq;
• Yaponiya və Cənubi Koreya kimi alıcıları itirəcək;
• Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şirkətləri vasitəsilə leqal neft ixracını təmin etmək üçün yeni sxem hazırlamalı olacaq;
• Çin və Hindistanla qeyri-leqal ticarəti genişləndirmək məcburiyyətində qalacaq;
• Bu və ya digər səbəblərdən neft ucuzlaşacaq və İran bu prosesdən böyük həcmdə nağd pul itirəcək;
• Özünün leqal ticarət tərəfdaşlarının bir hissəsi ilə əməkdaşlıq dayandırılacaq.

Bu fonda yalnız iki ölkə – Türkiyə və Hindistan İranla ticarəti davam etdirəcək. ABŞ-ın İrana qarşı bu sanksiyaları ədalətsiz olmaqla yanaşı, həm də regionda total müharibə riskini xeyli artırır”.

Akyener hesab edir ki, Qərbin bəhs olunan sanksiyaları hətta İranın parçalanması ilə də nəticələnə bilər:

“İran yeni sanksiyaların tətbiqindən sonra bu hallarda parçalana bilər:
– Yerli istehsal tamamilə dayansa;
– Əgər Çin, Hindistan, Rusiya və Türkiyə İranla ticarəti tam dayandırsalar;
– Dövriyyəsi milyard dollarla ölçülən qeyri-leqal ticarətin aradan qalxması halında.

Ancaq böyük ehtimalla, ABŞ-ın yeni sanksiyalarının təsiri də əvvəlkilər kimi olacaq. Yəni iqtisadi vəziyyət ağırlaşacaq, milli valyuta ucuzlaşacaq, bahalaşma güclənəcək, əhalinin sosial vəziyyəti pisləşəcək və sair. Ancaq bu sanksiyalar nəticəsində İranı bir dövlət kimi sıradan çıxarmaq mümkün olmayacaq”.

23274 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ