Alternativ enerjiyə 329 milyard dollar sərmayə yatırılıb – Millət vəkili

Alternativ enerjiyə 329 milyard dollar sərmayə yatırılıb – Millət vəkili

Millət vəkili Əflatun Amaşov Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının parlament assambleyasının 49-cu sessiyasında çıxış edib.

OilGas.az xəbər verir ki, Saatlıdan seçilən müstəqil deputat Əflatun Amaşov çıxışı zamanı Qara dəniz hövzəsində alternativ enerjinin əhəmiyyətli rola malik olduğunu bildirib. Millət vəkili, Azərbaycan və Rusiyanı çıxmaqla Qara dəniz regionundakı ölkələrin təbii sərvətlərinin olmadığına diqqət çəkib və qeyd edib ki, xüsusilə, Gürcüstan, Ermənistan, Moldova təbii enerji qaynaqları sahəsində olduqca kasıbdır. Bu regiondakı bir sıra ölkələr enerji tələbatını idxalat yolu ilə ödəyir. Qara dəniz bölgəsinin Avropa və Asiyanın qovuşduğu nöqtədə yerləşməsinə diqqət çəkən Amaşov, Aralıq dənizi, Egey dənizi və Xəzər dənizini əhatə edən torpaqlarda həddən artıq günəş və külək ehtiyatlarının mövcudluğunu və bu ehtiyatları alternativ enejiyə çevirmək üçün böyük fürsətlərin olduğunu söyləyib:

“Ötən 10 ildə dünyada enerjiyə inanılmaz dərəcədə tələbatın yarandığına şahid olduq. İqlim dəyişikliyi və ətraf mühit problemləri kimi enerji təhlükəsizliyi məsələsi də dünya ictimaiyyətini narahat edən amilə çevrilib. Bir sıra ölkələr enerjidən daha az asılı olan iqtisadi tədbirlər həyata keçirir və “yaşıl” inkişaf siyasətini yürüdür. Alternativ enerji xüsusilə yeni enerji mənbələrindən istifadə sahəsində böyük əhəmiyyətə malikdir.”

Deputat çıxışının davamında region iqtisadiyyatının gələcək ehtiyaclarını əks etdirən statistik hesabatlar təqdim edib, həmçinin Avropa İttifaqının bu sahədəki təcrübələri barədə məlumat verib. Amaşovun fikrinə görə, QİƏT-ə üzv ölkələrin öz aralarında əməkdaşlığı gücləndirməsi və bu çərçivədə 2050-ci ilə qədər qüvvədə qalacaq əməkdaşlıq protokolunun qəbul edilməsinin zəruri olduğunu deyib.

“Neftin qiymətinin düşməsinə baxmayaraq, 2010-cu ildə alternativ enerjiyə 160 milyard dollar sərmayə yatırılıb, 2015-ci ildə isə bu məbləğ 329 milyard dollara çatıb. Maliyyə göstəricilərinin yüksəlməsi bütün dünyada külək və günəş enerjisinə yatırılan sərmayənin çox böyük olduğunu göstərir. Enerjinin yeni və alternativ qaynaqlarının inkişaf etdirilməsi məsələsi sadəcə, enerji və ətraf mühit təhlükəsizliyi cəhətdən deyil, eyni zamanda ölkələrin sosial-iqtisadi baxımdan da inkişafının bir hissəsinə çevrilib. Buna görə də ənənəvi enerji qaynaqları ilə yanaşı alternativ enerji qaynaqlarının da istifadəyə verilməsi region üçün davamlı inkişafın zəmanəti olacaq. Beləliklə, həm də Qara dəniz bölgəsindəki dövlətlər öz aralarında daha sıx əməkdaşlıq əlaqələri quracaq.”

OilGas.az

313 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ