20 sentyabr tarixə düşəcək

20 sentyabr tarixə düşəcək

2017-ci ilin yekunlarına əsasən, Azərbaycan Xəzər regionunda neft hasilatı üzrə 4-cü, təbii qaz hasilatı üzrə 5-ci yerdə qərarlaşıb. Ölkədə qeyri-neft sektorunun inkişafına baxmayaraq, karbohidrogenlər Azərbaycanın iqtisadi həyatında mühüm rol oynamağa davam edir. Bu sektora böyük ümidlər bəslənir.

“Şahdəniz” yatağının ikinci fazası çərçivəsində ilk qazın cari il sentyabrın 20-də hasil olunacağı bildirilir. “Şahdəniz” son 20 il ərzində dünyada kəşf olunmuş ən nəhəng yataqlardan biri hesab olunur. Onun ehtiyatları 1,2 trilyon kubmetr həcmində qiymətləndirilir.

Azərbaycanın Avropa İttifaqı ölkələrinin mühüm qaz tədarükçüsünə çevrilməsinin perspektivləri “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropaya nəql olunacaq “mavi yanacaq”la bağlıdır. “Cənub Qaz Dəhlizi” Avropa İttifaqı üçün prioritet təşkil edən layihələrdən biridir. O Xəzər regionundan 10 milyard kubmetr Azərbaycan qazının Gürcüstan və Türkiyədən keçməklə Avropaya nəql olunmasını nəzərdə tutur.

Azərbaycanın təbii qaz hasilatının gələcəyi “Şahdəniz”lə yanaşı “Abşeron”, “Ümid”, “Bulla Dəniz” kimi digər nəhəng yataqlarla da bağlıdır. Sevindirici fakt odur ki, “Ümid” yatağı 2010-cu ildə azərbaycanlı mütəxəssislər tərəfindən kəşf olunub. Bu, müstəqillik illərində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən kəşf olunan ilk yataqdır. Yatağın ümumi ehtiyatları 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmində dəyərləndirilir.

20 sentyabr yenidən tarixə düşəcək. Növbəti onilliyin ortalarında adı çəkilən yataqlar tam gücüylə işləməlidir. Bununla əlaqədar SOCAR qazma işlərinin sürətləndirilməsinə böyük diqqət yetirir. Bu işdə ona 2007-ci ilin mart ayında Dövlət Neft Şirkəti tərəfindən Dəniz Kəşfiyyat Qazma İdarəsi “Bayıl Limanı”nın bazasında yaradılmış və özündə SOCAR-ın qazma strukturlarını birləşdirən “Kompleks Qazma İşləri” tresti kömək edir. Trest öz fəaliyyətində ən müasir və qabaqcıl texnologiyalardan, yüksək texniki xüsusiyyətlərə malik avadanlıqlardan istifadə edir.

“Kompleks qazma işləri” tresti 2017-ci ili yüksək texniki-iqtisadi göstəricilərlə başa vurub. Əsasən, 70 yeni quyunun qazılması üzrə işlər başladılıb. Qazma işlərinin həcmi nəzərdə tutulan 115 184 metrə qarşı 115 200 metr təşkil edib. Bu isə planın 100% yerinə yetirilməsi deməkdir. 71 quyu qazılaraq istismara verilib.

Ötən il trestin uğurlarından biri “Bulla Dəniz” yatağında 123 saylı qaz-kondensat hasilatı quyusunun qazılması olub. “MakKinzi” konsaltinq şirkəti işlərin 237 gün ərzində tamamlanacağını proqnozlaşdırıb, “Kompleks Qazma İşləri” trestinin mütəxəssisləri isə bu müddətin 240 gün olacağını ehtimal ediblər. Lakin quyu rekord tezlikdə – 227 gün ərzində qazılıb.

2014-cü ildə “Kompleks Qazma İşləri” tresti Azərbaycanda ilk dəfə üfüqi quyu qazıb. Qiymətli enerji resurslarının hasilatı sahəsində üfüqi neft quyuları mühüm yer tutur: belə texnologiyanın köməyilə əlçatmaz yerlərdən neft hasilatı, eləcə də mürəkkəb sahələrin işlənilməsini mümkün olur. Qazma prosesində yaradılan üfüqi quyu şaquli lülə oxundan müəyyən kənarlaşma bucağına malik olur. Bunun sayəsində nefti daha sürətli və məhsuldar şəkildə hasil etmək mümkün olur. Bu üsul artıq istismar olunan yataqlardan hasil olunan neftin keyfiyyətinin yüksəlməsinə xidmət edir. Eləcə də adi quyunun qazılması zamanı səmərəsiz və faydasız hesab edilən sahələrin uğurla işlənilməsinə imkan verir.

Bu gün üfüqi qazma üsulu “Kompleks Qazma İşləri” tresti tərəfindən fəal tətbiq olunur. Həmçinin trest payız-qış mövsümündə “mavi yanacaq”la təminatın yaxşılaşdırılması məqsədilə “Qaradağ” yeraltı qaz anbarı ərazisində yeni quyuların qazılmasını davam etdirir.

“Kompleks Qazma İşləri” trestinin yaradılması Dövlət Neft Şirkətinə məxsus bütün qazma bölmələrinin vahid idarəetmədə birləşdirilməsinə şərait yaratdı. Bu isə öz növbəsində, SOCAR-ın quru və dənizdə olmaqla toplam 25 yataqda apardığı qazma işləri prosesində idarəetmənin yaxşılaşdırılmasına imkan verdi. Digər tərəfdən müxtəlif qazma bölmələrinin səylərini birləşdirmək, bu zaman təcrübəli mütəxəssislərə arxalanmaq və yeni yaradılmış trestin maddi-texniki bazasını tədricən yaxşılaşdırmaqla, SOCAR qısa zaman ərzində beynəlxalq standartlar üzrə geoloji baxımdan mürəkkəb yataqlarda qazma işləri apara bildi. (Novosti Azərbaycan)

OilGas.az

390 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ